E-KURSLAR: TRAVMANIN TƏNZİMLƏNMƏSİ BARƏDƏ
Oleq Novak
ukraynalı terapevt, nəzarətçi, təlimçi və EMDR (Göz hərəkətləri ilə həssassızlaşdırma və yenidən emal etmə) üsulu ilə müalicə üzrə sertifikata malik psixoloqdur. Keçmişin xoşağəlməz hadisələrinin təsiri altında yaranmış posttravmatik stress pozuntuları da daxil olmaqla, psixoloji travmalarla iş sahəsində 25 illik təcrübəsi var, çoxlu sayda həm hərbçi, həm mülki şəxsə bu problemlərdən azad olmaqda köməyi dəyib. Onun yardım göstərdiyi insanlar sırasında hərbi münaqişələrin və ictimai iğtişaşların işıqlandırılması zamanı travma almış jurnalistlər də az deyil. O, müharibə şəraitində son dərəcə mühüm əhəmiyyət kəsb edən psixoloji dəstək, fərdi psixoemosional yardım texnikası üzrə təlimlər keçir.
Kurs barədə məlumat:
Döyüşlər, boyük faciələr, cinsi təcavüz və hücum əməliyyatları kimi hadisələrin baş verdiyi şəraitə düşmək çox qısa zamanda posttravmatik reaksiya doğura bilər. Bu reaksiyanın xarakteri və kəskinliyi insanın əvvəlki travma təcrübəsi və buna hazırlıq səviyyəsi, genetik meyilliliyi, şəxsən hiss etdiyi təhlükənin reallığı, təhlükə ilə təmas anına qədər sağlıq durumu kimi müxtəlif faktorlardan asılı ola bilər. Hətta insanın ciddi, yaxud xroniki psixi xəstəliyi yoxdursa belə, onun məruz qaldığı təsir, xüsusi ilə davamlı təsir risklər yaradır. Jurnalistlər travmatik hadisələrin mərkəzində olurlar, buna görə də onların psixi təsirə məruz qalmaq təhlükəsi böyükdür. Münaqişə zonalarında kəskin psixoloji zədələrin yubanmadan müalicəsi sonradan insanın daha uzunmüddətli stress vəziyyətinə düşmək, posttravmatik psixi pozuntular və xəstəliklər keçirmək riskini azalda bilər. Terapevt Oleq Novakın hazırladığı kurs iştirakçıları travma əlamətlərini aşkarlamağa öyrətməklə, onları psixoemosional gigiyena və qarşılıqlı psixoloji dəstək texnikası ilə tanış etməklə bu risklərin səviyyəsini aşağı salmaq məqsədi güdür.