Avropa Parlamenti Ermənistan və Azərbaycan arasında sülhə doğru irəliləyişi alqışlayır
Avropa Parlamentinin yüksək vəzifəli üzvləri 8 avqust 2025-ci il tarixində ABŞ-ın ev sahibliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin görüşünün nəticələrini, xüsusən Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətninin paraflanmasını və hər iki ölkə liderlərinin davamlı sülhə doğru aparan addımlarını əks etdirən Birgə Bəyannamənin imzalanmasını ürəkdən alqışlayıblar.
Avqustun 11-də açıqlanan bəyanatda deyilir: “Biz Ermənistan və Azərbaycan hökumətlərinin onilliklərlə davam edən münaqişəyə son qoymaq əzmini, o cümlədən ABŞ-ın bu müsbət nəticənin əldə edilməsində son illərdə apardığı danışıqlara, habelə Aİ-nin köməkliyi ilə aparılan danışıqlara əsaslanaraq mühüm töhfəsini yüksək qiymətləndiririk. Paraflanmış sülh müqaviləsinin mümkün qədər tez imzalanması və ratifikasiyası ilə prosesin davam etdirilməsi çox vacibdir”.
Bəyanatda dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmət əsasında iki ölkə arasında dövlətlərarası, ikitərəfli və beynəlxalq daşımalar üçün kommunikasiyaların açılmasına dair siyasi razılaşmanın əldə olunması böyük irəliləyiş kimi qiymətləndirilib. “Biz Ermənistanın bu ölkənin cənubundan keçəcək marşrutun açılması və idarə edilməsi üçün Amerika Birləşmiş Ştatları və birgə müəyyən edilmiş üçüncü tərəflərlə işləmək niyyətini və ABŞ-ın investisiya təmin etmək öhdəliyini alqışlayırıq”.
Parlamentin üzvləri bu irəliləyişin tam şəkildə reallaşdırılmasında Türkiyənin konstruktiv iştirakının əhəmiyyətini də vurğulayıblar. “Biz Türkiyə hökumətini hər iki ölkənin maraqlarına uyğun olaraq Ermənistan ilə münasibətləri normallaşdırmaqla və hər iki ölkənin və digər tərəflərin maraqlarına cavab verəcək Ermənistan-Türkiyə sərhədini açmaqla hadisələrin bu müsbət gedişatını dəstəkləməyə çağırırıq”.
Bəyanatda həmçinin liderlərin BMT Nizamnaməsinə, eləcə də beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyi prinsiplərinə birmənalı sadiqliyi müsbət qarşılanır və əlavə edilir: “Biz inanırıq ki, bu, sərhədlərin delimitasiyası prosesində gələcək irəliləyişlərə və yaxın gələcəkdə Azərbaycanın silahlı qüvvələrinin Ermənistan Respublikası ərazisindən tam çıxarılması ilə nəticələnəcək. Biz həmçinin Azərbaycandakı erməni əsirlərin və Qarabağın məcburi köçkün ermənilərinin həll edilməmiş problemlərinin həllinin vacibliyini qeyd edirik”.
Bu bəyanat Avropa Parlamentinin Xarici işlər üzrə komitəsinin (AFET) sədri, Avronest Parlament Assambleyasında nümayəndə heyətinin sədri, Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri, AFET-in Ermənistan üzrə daimi məruzəçisi və AFET-in Azərbaycan üzrə daimi məruzəçisi tərəfindən açıqlanıb.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]