İnsan hüquqları sahəsində vəziyyət və sülh prosesi: COP29 öncəsi Borrel Azərbaycanın mühüm seçimlər qarşısında olduğunu deyib
Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) üç həftədən də az vaxt qalıb. Bu tədbir Azərbaycan hökumətinə beynəlxalq insan hüquqları sahəsində üzərinə götürdüyü öhdəliklərə sadiqliyini nümayiş etdirmək imkanı verəcək. Bunu dünən Avropa Parlamentində Aİ-nin Ali nümayəndəsi Cozef Borrelin adından çıxış edən Məşğulluq və Sosial Hüquqlar üzrə Avropa Komissarı Nikolas Şmit deyib.
“Bu, son illərdə vətəndaş cəmiyyəti üçün məkanın daralması, müstəqil media və fərqli düşünənlərə qarşı artan repressiyalar və artmaqda olan qanunsuz həbslər kimi narahatedici tendensiyanın aradan qaldırılması üçün bir fürsətdir”, – Borrel bildirib.
O, Qubad İbadoğlu, İlhamiz Quliyev, Bəxtiyar Hacıyev, Ələsgər Məmmədli, Anar Məmmədli və bu yay Praqadan Azərbaycandakı ailəsini ziyarət etməyə gəldikdən sonra həbs olunan gənc alim və fəal Bəhruz Səmədov ilə bağlı halları xatırladıb.
“Mövqeyimiz aydındır: Azərbaycan hökuməti fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunan şəxslərin hamısını, o cümlədən jurnalistləri, insan hüquqları müdafiəçilərini və siyasi fəalları azadlığa buraxmalıdır”, – Borrell deyib və Azərbaycan hökumətini 2024-cü il üzrə Saxarov mükafatının finalçıları arasında olan Qubad İbadoğlunun xaricdə müalicə oluna bilməsi üçün ona qoyulan səyahət qadağasını aradan qaldırmağa çağırıb.
Borrel həmçinin qeyd edib ki, bu yaxınlarda Bakıya iki dəfə səfər edən Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı Vopke Hoekstra hökumət orqanları ilə insan hüquqları sahəsindəki vəziyyəti müzakirə edib və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
Aİ-nin Ali nümayəndəsi Cozef Borrel COP29-un sülh üçün tarixi imkan olduğunu vurğulayıb. “Hal-hazırda Azərbaycan və Ermənistan onilliklərlə davam edən münaqişənin həllinə bu qədər yaxın olmamışdı”, – o, qeyd edib. “Bu konfrans Azərbaycan və Ermənistan üçün sülhə sadiq olduqlarını və sülh müqaviləsinin imzalanması istiqamətində siyasi iradə göstərmək üçün tarixi şansdır”.
O, əlavə edib ki, Avropa İttifaqı kommunikasiya kanallarını açıq saxlayacaq və iki ölkə arasında münasibətlərin normallaşması prosesinə dəstəyini davam etdirəcək, o cümlədən hər iki tərəfin uzunmüddətli və davamlı sülhün faydalarından yararlanması üçün bütün lazımi resursları səfərbər etməyə çalışacaq.
Daha çox öyrən
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]