Komissar Marta Kos Aİ-nin Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesinə və regional əlaqələrə dəstəyini bir daha təsdiqləyib
Sentyabrın 21-də Avropa İttifaqının (Aİ) Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Komissarı Marta Kos Azərbaycana və Ermənistana üçgünlük səfərinin yekunu ilə bağlı bəyanatla çıxış edib. O, Aİ-nin Cənubi Qafqazda sülh, sabitlik və iqtisadi inkişafa sadiqliyini bir daha təsdiqləyib.
Aİ nəqliyyat əlaqələrinin bərpası və məqsədyönlü infrastruktur layihələrinə sərmayələrin ayrılması ilə yanaşı, islahatların inteqrasiyası vasitəsilə hər iki ölkə ilə əlaqələri gücləndirmək niyyətindədir.
“Aİ Azərbaycan və Ermənistan arasındakı normallaşma prosesini qətiyyətlə dəstəkləyir və regional nəqliyyat əlaqələrinin bərpasına sərmayə yatırmağa hazırdır”, – Marta Kos bildirib. “Ticarət marşrutlarının açılması, infrastrukturun birləşdirilməsi və insanların yaxınlaşdırılması yolu ilə biz bugünkü imkanı davamlı sülhə və birgə rifaha çevirə bilərik. Səfərim zamanı səsləndirilən bəyanatlar göstərir ki, bu baxışın arxasında son zamanlar əldə olunan diplomatik nailiyyətləri bütün region üçün nəzərəçarpan nəticələrə çevirəcək konkret resurslar dayanır”.
Azərbaycana səfəri zamanı Komissar Marta Kos Aİ ilə Azərbaycan arasında iqtisadiyyat sahəsində əməkdaşlığın gücləndirilməsi və “Global Gateway” strategiyası çərçivəsində sərmayələrin yatırılması məqsədilə iqtisadiyyat üzrə yüksək səviyyəli işçi qrupunun yaradılması ilə bağlı razılığa gəlib. O, həmçinin minalardan zərər çəkmiş ərazilərə daha çox dəstəyin verilməsi planlarını açıqlayıb. Aİ və ona üzv dövlətlər “Team Europe” təşəbbüsü çərçivəsində Azərbaycanda humanitar minatəmizləmə işlərinə 23 milyon avro maliyyə yardımı ayırmaqla bu ölkədə minaların təmizlənməsi sahəsində aparıcı donorlardır.
Ermənistanda isə Aİ-nin ümumilikdə 270 milyon avro dəyərində olan Dayanıqlılıq və İnkişaf Planı çərçivəsində bu ölkəyə 202,5 milyon avro həcmində ikinci tranşın ayrılması elan edilib. Bu maliyyə vəsaiti islahatların və sosial-iqtisadi dayanıqlılığın gücləndirilməsinə yönəldiləcək. Ermənistana səfəri zamanı Komissar Marta Kos həmçinin ikitərəfli gündəlikdə strateji prioritetlər üzrə islahatların gedişatını izləmək məqsədilə siyasət üzrə yüksək səviyyəli dialoq təşəbbüsünü irəli sürüb. Aİ həmçinin 2026-cı ildə Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində bu ölkənin demokratik dayanıqlılığını və seçkilərin şəffaflığını dəstəkləyəcək.
Daha çox öyrənin
ÇOX OXUYUR
[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]