Skip to main content
Moldova Prezidenti: “Rusiya hakimiyyətə gəlsə, Moldova Aİ-yə qarşı hibrid müharibənin bazasına çevriləcək”
[featured_image_copyright]
İyul 21, 2025

Moldova Prezidenti: “Rusiya hakimiyyətə gəlsə, Moldova Aİ-yə qarşı hibrid müharibənin bazasına çevriləcək”


Beş ilə yaxındır ki, Maya Sandu Moldovanın kövrək demokratiyasını Kremlin müdaxiləsindən müdafiə etmək üçün mübarizə aparır. Moskvanın hücumları kəskindir.

2020-ci ildən Moldovanın prezidenti olan Maya Sandu bir vaxtlar Moldova SSR Ali Sovetinin çağırıldığı nəhəng beton bloklardan ibarət Prezident Sarayında DER STANDARD-ın müxbirlərini qarşılayır. Xanım Sandu emosiyalarını biruzə vermədən sakit və diqqətlə danışır. Bununla belə, o, Ukraynanın müdafiəsi naminə apardığı mübarizədən danışarkən bu ölkənin azad Avropa üçün göstərdiyi səyləri və iki ölkə arasındakı güclü bağı dəfələrlə vurğulayır. O, bunu belə izah edir: Ukrayna və Moldova Aİ-yə gedən yola birlikdə başladılar və hədəfə birlikdə çatmaq istəyirlər.

STANDARD: Sentyabr ayında keçiriləcək parlament seçkiləri öncəsi Moskvanın Moldovanın Dnestryanı regionunda həyata keçirdiyi destabilizasiya cəhdləri barədə xəbərdarlıq edirsiniz. Nədən narahatsınız və bununla bağlı hansı işlər görürsünüz?

Xanım Maya Sandu: Rusiya Moldovadakı dövlət qurumlarının fəaliyyətinə təzyiq göstərir. O, siyasi proseslərimizə və seçkilərimizə müdaxilə etmək üçün müxtəlif vasitələrdən istifadə edir. Biz bunu keçən il də gördük, bu il bu müdaxilə daha güclüdür, çünki parlament seçkiləri həddindən artıq vacib əhəmiyyətə malikdir: Moldovanın demokratik və Avropanın bir parçası olaraq gələcəyi və regionun təhlükəsizliyi bu seçkilərdən asılıdır. Şərqi Avropada demokratik “oxun” birləşdirilməsi avtoritar müdaxiləyə qarşı birlik və möhkəm müqavimətin ola biləcəyinə dair güclü siqnal ola bilər. Siyasi partiyaların qanunsuz maliyyələşdirilməsi Moskvanın metodlarından biridir. Bunlar arasında Dnestryanı və Qaqauziya muxtar regionlarına müdaxilələr də var. Rusiya yenidən Dnestr çayının sol sahilinə qaz verilişini kəsməyə qərar versə, biz kömək etməyə hazırıq. Kiberhücumlar, səslərin satın alınması və dezinformasiya kimi vasitələrdən də istifadə olunur.

STANDARD: Bu təsirin nə dərəcədə olduğunu deyə bilərsinizmi?

Xanım Maya Sandu: 2024-cü il prezident seçkilərinin ilk turunda 140 min şəxsin səsinin alındığına dair dəlillərimiz var. 2,5 milyon əhalisi olan ölkədə bu, seçicilərin 8-10 faizini təşkil edir. Avropadakı seçki məntəqələrində insanları səsvermədən yayındırmaq üçün saxta bomba təhdidləri var idi. Xaos və qorxu yaratmaq məqsədilə Mərkəzi Seçki Komissiyasının binalarına və polis maşınlarına silahlı hücumlar oldu. Dezinformasiya məsələsinə gəlincə, Prezident kimi məni dəstəkləyən, lakin dezinformasiyaya inandıqları üçün referendumda Aİ əleyhinə səs verən bir çox insanla görüşürəm. Kilsə vasitəsilə ortaya atılan “LGBTIQ təhlükələri” kimi məsələlər, eyni zamanda Aİ-nin torpaqları müsadirə edəcəyini iddia edən saxta xəbərlər yayılıb. Son zamanlar müstəqil media vasitəsilə, kampaniyaların təşkili üçün ayrılan maliyyə üzrə qanunları sərtləşdirməklə və insanlarla ünsiyyət vasitəsilə qrumlarımızın və vətəndaş cəmiyyətinin dayanıqlığını gücləndirmək üçün çox çalışırıq. Ailəvi söhbətlər də vacibdir, xüsusilə də insanların Aİ-də və Rusiyada həyatın əslində necə olduğunu öyrənmələri üçün diaspor üzvlərinin izahatları olduqca vacibdir.

STANDARD: Əvvəlki seçkilərdə Rusiyadakı moldovalılar üçün cəmi iki, İtaliyada isə 60-a yaxın seçki məntəqəsinin olması ilə bağlı tənqidlər çox idi. Bunun səbəbi nədir və bu dəfə nə qədər olacaq?

Xanım Maya Sandu: Rusiyada seçki məntəqələrinin sayı 2020 və 2021-ci illərdə keçirilən seçkilərin rəqəmlərinə əsaslanır. Ukraynadakı müharibə səbəbindən Rusiyada hazırda daha da az Moldovalı qalıb. Son seçkilərdə Kreml yüzlərlə vətəndaşın Avropadakı seçki məntəqələrində səs verə bilməsi üçün hər biri üçün 50 min avro olmaqla bir neçə özəl sərnişin təyyarəsi icarəyə götürüb. Bunu kim və nə üçün edir? Həmin şəxslərə belə etmək üçün ödəniş edildiyi aydın idi. Buna baxmayaraq, seçkilərdə iştirak etmək istəyən şəxslərin səs verə bilməsi üçün bəzi seçki məntəqələrini yenidən açacağıq.

STANDARD: Moldovanın Aİ-nin bərabərhüquqlu üzvü olmaq istiqamətində irəliləyişindən nə dərəcədə razısınız? Hansı maneələr qalmaqdadır?

Xanım Maya Sandu: Bizim Aİ-yə inteqrasiya prosesi ilə bağlı son tariximiz 2030-cu ildir. Müraciətimizi Ukrayna ilə birlikdə təqdim etdiyimiz üçün çox çalışdıq. Bununla belə, Aİ təsisatları ilə əməkdaşlıq və üzv dövlətlərin dəstəyi olduqca yaxşı davam edir. 2025-ci ilin sentyabr ayına qədər yoxlama prosesini tamamlaya biləcəyimizə və ilk fəsillər üzrə danışıqlara başlamağa hazır olduğumuza inanırıq. Bunun üçün lazımi potensialı formalaşdırmışıq və ümid edirik ki, payızda keçiriləcək parlament seçkilərindən sonra bu güclü siyasi iradə davam edəcək.

STANDARD: Ukraynanın ittifaqa daxil olmasını dəstəkləməyən üzv dövlətlər arasında hər hansı maneə görürsünüz?

Xanım Maya Sandu: Bütün üzv dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Moldovanın və Ukraynanın Aİ-yə üzv olmasının bütün Aİ vətəndaşlarının marağında olduğunu düşünürük. Demokratik Moldova və demokratik və dayanıqlı Ukrayna qitədə sülh və təhlükəsizliyə töhfə verir. Həm Moldova, həm də Ukrayna üçün Aİ-yə üzv olan bütün dövlətlərin dəstəyini qazanacağımıza inanıram.

STANDARD: Aİ-yə üzv ölkələr Ukraynanı deyil, Moldovanı qəbul etsələr, Ukraynanı gözləyəcəksiniz?

Xanım Maya Sandu: Biz sülhə görə Ukraynaya borcluyuq. Bu yola birlikdə başladığımız üçün qürur duyuruq və bilirik ki, irəliləyiş qazanılmalıdır. Moldovada demokratiya yalnız Aİ-yə üzvlük nəticəsində qorunub saxlanıla bilər.

STANDARD: Bu bəli, yoxsa xeyr cavabıdır?

Xanım Maya Sandu: Bəli, biz Aİ-yə birlikdə qoşulmaq istəyirik.

STANDARD: Aİ-yə üzvlük çox vaxt NATO-ya üzvlüklə paralel həyata keçirilir. Sizcə, Rusiyanın cənub-qərb qonşularından nə qədərinin Moskvanın himayəsinə müraciət etdiyini nəzərə alsaq, 21-ci əsrdə neytrallıq hələ də müdrik təhlükəsizlik strategiyasıdır?

Xanım Maya Sandu: Neytrallıq Konstitusiyamızda təsbit olunub və moldovalıların əksəriyyəti hesab edir ki, Moldova Respublikası neytral qalmalıdır. İnsanların iradəsinə hörmətlə yanaşırıq. Əlbəttə, biz təhlükəsizlik məsələlərinə görə narahatıq və ölkəmizin möhkəmliyini gücləndirmək üçün çox iş görürük. Hazırda Moldovanın təhlükəsizliyi və sülhü Ukrayna tərəfindən müdafiə olunur. Buna görə, Ukraynanı dəstəkləyən ölkələrə də çox minnətdarıq. Ukraynanın daha çox dəstəyə ehtiyacı olacaq. Rusiyanın Moldovaya nəzarət etməməsi və ölkəni Ukraynaya və Aİ-yə üzv dövlətlərə qarşı istifadə etməməsi üçün hər şeyi edəcəyik. Rusiya Moldovada hakimiyyətə gəlsə, ölkə Aİ-yə qarşı hibrid müharibənin bazasına çevriləcək.

STANDARD: Müdafiə xərclərinin ÜDM-in 0,6%-ni təşkil etdiyi Moldova NATO-ya üzv dövlətlər tərəfindən bu yaxınlarda qəbul edilən beş faizlik hədəfdən çox uzaqdır.

Xanım Maya Sandu: Düzdür, biz NATO-da deyilik, lakin müdafiə xərclərimizi artırmışıq və daha çox iş görmək istəyirik. Risklərdən xəbərdarıq və Avropa Sülh Fondundan faydalandığımız üçün minnətdarıq.

STANDARD: Enerji böhranı və yüksək qiymətlərlə bağlı hansı işləri görürsünüz?

Xanım Maya Sandu: Biz artıq Rusiya qazından asılı deyilik. Yalnız Dnestryanı regionu hələ də Rusiya qazı alır. Amma Rumıniyadan alınan elektrik enerjisi ilk növbədə Tiraspoldakı rejimin nəzarətində olan ərazidən keçməli olduğu üçün biz həssas vəziyyətdə qalırıq. Bununla belə, birbaşa Dnestr çayının qərb sahilinə yeni yüksəkgərginlikli xəttin çəkilişi ilin sonuna qədər başa çatdırılmalıdır. Bərpa olunan enerjiyə əhəmiyyətli miqdarda sərmayələr yatırırıq. Hava şəraitinin imkan verdiyi günlər elektrik enerjimizin ən azı 20 faizi, bəzən isə 50 faizi bərpa olunan mənbələrdən alınır. Qiymətlər hələ də yüksəkdir, lakin növbəti illərdə düşəcək.

STANDARD: Bu, kifayət edir, yoxsa daha tez baş verməsi üçün daha çox işlər görülməlidir?

Xanım Maya Sandu: Moldovanın enerji böhranı 2021-ci ilin sentyabrında başlayıb. Rusiya əvvəlki hökumətləri alternativ enerji mənbələri yaratmamağa inandıra bilmişdi, buna görə də şantaj qarşısında aciz qalmışdıq. Qiymətlər əlbəttə problem yaradır, lakin populyar olub-olmamasından asılı olmayaraq insanlara həqiqəti deməliyik.

STANDARD: Ali Məhkəmənin hakimlərinin və korrupsiyaya qarşı mübarizə aparan prokurorun qeyri-şəffaf təyinatları ilə bağlı vaxtaşırı tənqidlər səslənir.

Xanım Maya Sandu: Biz məhkəmə islahatlarını davam etdiririk. Buna görə də bir çox hakimlər və prokurorlar bundan narazıdır. Korrupsiyaya qarşı ciddi mübarizə haqqında planlarımızı elan etdikdən sonra, hakimlərin üçdə bir hissəsi könüllü şəkildə sistemi tərk etdi. Biz bu prosesi başa çatdırmalıyıq, çünki sistemdə hələ də korrupsiya varsa, korrupsiyaya qarşı mübarizədə nəticə əldə etmək mümkün deyil. Korrupsioner hakimlər və prokurorlarla qanunun aliliyi heç vaxt müdafiə oluna bilməz. Əlbəttə, bu hökumətin süqutunu görməkdən məmnun olacaq hakimlər və prokurorlar var. Keçid mərhələsi çətindir. Məsələn, hakimlər partiyaların qanunsuz maliyyələşdirilməsi haqqında qanunları təxirə salmaq istəyirlər. Dövlət istədiyimiz qədər səmərəli fəaliyyət göstərə bilmir. Lakin biz irəliləyirik. İnsanlar başa düşür ki, biz ilk növbədə məhkəmə orqanlarını təmizləməliyik, yalnız bundan sonra ədalət bərqərar ola bilər.

STANDARD: Bir neçə gün əvvəl məşhur Rusiyalı reper Basta Kişinyovdakı hökumət binasının qarşısında məktəblilərin məzun günü ilə bağlı festivalda çıxış edib. On minlərlə gənc qatılıb. Bu sizi məyus edir?

Xanım Maya Sandu: Konsert yerli siyasətçi tərəfindən təşkil edilib. Orada bir çox qeyri-rus müğənnilər də olub, amma bəli, düşünürəm ki, dövlət qurumları gənclərimiz qarşısında kimin çıxış etdiyinə daha ciddi diqqət yetirməlidir.

Moldova Prezidenti Maya Sandu haqqında: 53 yaşlı Maya Sandu 2020-ci ildə ilk səlahiyyət müddəti bitdikdən sonra 2024-cü ildə yenidən Moldovanın prezidenti seçilib. Pravoslav xristian və ixtisasca iqtisadçı olan xanım Sandu rumın, rus, ingilis və ispan dillərini bilir, həmçinin Rumıniya vətəndaşlığına malikdir.

Müəllif: Fabian Somavilla

Orijinal müsahibə Der Standard tərəfindən alman dilində dərc edilib

Kişinyova səfər Aİ-nin EU NEIGHBOURS east proqramının dəvəti ilə təşkil edilib



ÇOX OXUYUR

[popular_posts columns_xl=”4″ columns_l=”4″ columns_m=”3″]


[related_news]
[yea_euprojectshortlist]

ƏLAQƏLİ

[posts_by_post_tax]

Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,