Skip to main content

Aİ siyasəti


Avropa Qonşuluq Siyasəti (ENP) Aİ-nin 16 ən yaxın Şərqi və Cənub qonşuları ilə münasibətlərini tənzimləyir.

Şərq Tərəfdaşlığı

Şərq Tərəfdaşlığı (ŞT) ENP-nin 2009-cu ildə istifadəyə verilən xüsusi hissəsidir. Bu tərəfdaşlığın məqsədi Avropa İttifaqı, ona Üzv dövlətlər və altı Şərqi Avropa və Cənubi Qafqaz ölkəsi olan ErmənistanAzərbaycanBelarusGürcüstanMoldova və Ukrayna (tərəfdaş ölkələr) ilə siyasi və iqtisadi əlaqələri gücləndirmək və dərinləşdirməkdir

2020-ci ildən sonrakı yeni proqram

Bu illər ərzində ŞT, Aİ və tərəfdaş ölkələri bir-birinə yaxınlaşdırmaqda mühüm rol oynamışdır. 2017-ci ildə keçirilən ŞT Sammitində “2020-ci il üzrə 20 praktiki nəticə” adlı ümumi islahat proqramının qəbul edilməsi ilə yeni yanaşmanın başlanğıcı qoyulub. Bu iddialı iş planı yerlərdə gözəçarpan nəticələrin əldə olunmasına və dörd əsas siyasət sahəsində insanların həyatının yaxşılaşdırılmasına yönəlmişdir: (1) daha güclü iqtisadiyyat; (2) daha güclü idarəçilik; (3) daha güclü bağlantı; və (4) daha güclü cəmiyyət – gender bərabərliyi, vətəndaş cəmiyyəti, media və strateji əlaqələr kimi hərtərəfli məsələlər üzrə hədəflər.

Geniş və hərtərəfli məsləhətləşmələrin müşayiəti ilə 2019-cu ildə proqramın davam edilməsi üzərində işə başlanıb. Nəticədə, Şərq Tərəfdaşlığı təşəbbüsünün 2020-ci ildən sonrakı dövrünə dair birgə kommünike: Dayanıqlığın gücləndirilməsi – bütün ölkələrdə özünü təsdiqləyən Şərq Tərəfdaşlığı 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə siyasətə dair Avropa İttifaqı Şurasının yekun mülahizələri  adlı sənədlərdə beş uzunmüddətli siyasət məqsədi istiqamətində tərəfdaşlıq üzrə yeni proqram təyin olunub:

  • möhkəm, dayanıqlı və inteqrasiya olunmuş iqtisadiyyatlar üçün əməkdaşlıq;
  • cavabdehlik daşıyan qurumlar, qanunun aliliyi və təhlükəsizlik üçün əməkdaşlıq;
  • ətraf mühit və iqlim dəyişikliyi sahəsində dayanıqlığın əldə olunması üçün əməkdaşlıq;
  • dayanıqlı rəqəmsal transformasiya üçün əməkdaşlıq;
  • möhkəm, ədalətli və inklüziv cəmiyyətlər üçün əməkdaşlıq.

Birgə işçi qrupunun sənədi: 2021-ci ilin iyul ayında qəbul olunan bərpa, dayanıqlıq və islahat: 2020-ci ildən sonra Şərq Tərəfdaşlığı üzrə prioritetlər adlı sənəddə ətraflı şəkildə qeyd olunan bu yeni proqram iki əsas komponent üzərində qurulub: investisiya – qrant, qarışıq maliyyələşdirmə və zəmanətlər şəklində 2,3 milyard avro büdcəyə malik İqtisadi və İnvestisiya planı tərəfindən dəstəklənəcək. Bu planın dövlət və özəl sektordan 17 milyard avroya qədər maliyyə vəsaiti cəlb edəcəyi gözlənilir. Sözügedən plan, hər bir tərəfdaş ölkə üzrə bir sıra qabaqcıl təşəbbüsləri və investisiyaları dəstəkləmək və möhkəmləndirmək, eləcə də heç kəsin bu faydalardan kənarda qalmadığı dayanıqlı və bərabərhüquqlu cəmiyyətlərin konsolidasiyasına kömək etmək üçün idarəçilik komponentindən ibarətdir.

1 yanvar 2025-ci il tarixinə olan məlumata əsasən, ikitərəfli və regional qrantlar, qarışıq maliyyələşdirmə və zəmanətlər vasitəsilə cəlb edilmiş vəsaitlərin ümumi məbləği 14,5 milyard avro təşkil etmişdir. Toplanan vəsaitlər nəqliyyat və enerji, mikro, kiçik və orta sahibkarlıq müəssisələrinin maliyyəyə çıxış imkanı, ətraf mühit sahəsində dayanıqlıq, rəqəmsal transformasiya, səhiyyə və insan kapitalına dövlət və özəl investisiyaların cəlb olunmasını dəstəkləyir.

2025-ci il üzrə on əsas hədəf

Proqram çərçivəsində 2025-ci il üzrə on əsas hədəf gələcək prioritet fəaliyyətlər olaraq təyin edilmişdir:

  1. Rəqabət qabiliyyətli və innovativ iqtisadiyyatlara sərmayə qoyuluşu – 500 000 KOM dəstəklənib
  2. Qanunun aliliyinə sərmayə qoyuluşu – bütün yüksək səviyyəli məmurlar iqtisadi aktivlərini bəyan edirlər və bu bəyannamələr təsdiqlənir
  3. Dayanıqlı və ağıllı bağlantıya sərmayə qoyuluşu – 3 000 km uzunluğunda avtomobil yolu və dəmiryolu xətti tikilib və ya yenilənib
  4. İnsanlara və elmi icmalara sərmayə qoyuluşu – tələbələr və akademik heyət, tədqiqatçılar, gənclər və gənclər təşkilatlarının işçiləri üçün 70 000 fərdi yerdəyişmə imkanı
  5. Təhlükəsizliyə və kiberdayanıqlığa sərmayə qoyuluşu – hibrid təhdidlərin müəyyən edilməsi və aradan qaldırılması üçün gücləndirilmiş baza; tərəfdaş ölkələrdə kiberdayanıqlığın və kibercinayətlərlə mübarizə potensialının gücləndirilməsi
  6. Dayanıqlı energetika sektoruna sərmayə qoyuluşu – 250 000 ev təsərrüfatı enerji sərfiyyatını azı 20% azaldıb
  7. Ətraf mühit və iqlim problemlərinin həllinə sərmayə qoyuluşu – daha 3 milyon insan etibarlı su mənbələrinə çıxış imkanı qazanıb; havanın keyfiyyətinə nəzarət olunur və 300 şəhərdə havanın keyfiyyəti yaxşılaşdırılıb
  8. Səhiyyə sistemində dayanıqlığa sərmayə qoyuluşu – 850 000 səhiyyə işçisi peyvənd olunub və terapiya, tibbi avadanlıq və iş şəraitinin yaxşılaşdırılmasından faydalanmışdır
  9. İnklüziv, gender bərabərliyinin və müxtəlifliyin mövcud olduğu cəmiyyətlərə və strateji kommunikasiyalara sərmayə qoyuluşu – 2 500 yerli vətəndaş cəmiyyəti təşkilatı, 10 müstəqil kütləvi informasiya vasitəsi və 2 000 jurnalist dəstəklənib
  10. Rəqəmsal transformasiyaya sərmayə qoyuluşu – ev təsərrüfatlarının 80%-i əlverişli qiymətə yüksək sürətli internetə çıxış imkanı qazanıb

Əməkdaşlığın cari prioritet sahələri

2025-2027

Son bir neçə il ərzində Aİ-nin Şərq qonşuluğu regionunda böyük təlatümlər və çətinliklər baş verib. Ukrayna Rusiyanın birbaşa hərbi və hibrid hücumlarına qarşı mübarizə aparır, eyni zamanda, region əsaslı surətdə dəyişmiş geosiyasi reallığın təsirinə məruz qalır. Bu kontekstdə çevik Şərq Tərəfdaşlığı siyasət çərçivəsi son dərəcə vacib islahatların həyata keçirilməsinə, təsisatların və cəmiyyətlərin dayanıqlığının gücləndirilməsinə və hökumətlərarası əlaqələrlə yanaşı, bütün maraqlı tərəflərin dəstəklənməsinə töhfə verib.

Bütün Şərq Tərəfdaşlığı ölkələri: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarusdakı vətəndaş cəmiyyəti Aİ ilə bağlı fərqli yanaşma və ambisiyalara baxmayaraq, ŞT siyasət çərçivəsindən faydalanmağa davam edir. ŞT Ukrayna və Moldovanı, o cümlədən Aİ-yə inteqrasiya yoluna qayıdıb demokratik, inklüziv və davamlı islahatlar həyata keçirərsə, Gürcüstanı dəstəkləməyə davam edəcək.

Gələcəkdə Şərq Tərəfdaşlığının əsas prinsipləri olan şərtilik, inklüzivlik və diferensiallıq, həmçinin “daha çox üçün daha çox” yanaşması qorunacaq. Demokratiya, insan haqları, fundamental prinsiplər və qanunun aliliyi Şərq Tərəfdaşlığı siyasətinin əsasını təşkil etməyə davam edəcək. 

Mövcud çətinliklərə cavab olaraq, Şərq Tərəfdaşlığı ortamüddətli siyasət gündəliyi siyasətin hədəf sahələrinə uyğunlaşdırılıb və gücləndirilib:

  • Genişlənmə prosesi ilə yanaşı, Şərq Tərəfdaşlığı Avropa İttifaqına üzvlük yolunda Ukrayna və Moldovanı, eləcə də Avropaya inteqrasiya üzrə fundamental prinsiplərə uyğun olaraq Aİ-yə inteqrasiya yoluna qayıdıb demokratik, inklüziv və davamlı islahatlar həyata keçirərsə, Gürcüstanı səmərəli şəkildə dəstəkləyəcək, o cümlədən maraqlı tərəfdaşlara Aİ standartlarına uyğun islahatların həyata keçirilməsində, xüsusən də qanunun aliliyi və fundamental hüquqlar ilə bağlı sahələrdə dəstəkləməyə davam edəcək;
  • Regionda artan hibrid təhdidlər və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün təhlükəsizlik, demokratik və ictimai dayanıqlıq üzrə regional əməkdaşlıq üçün gücləndirilmiş proqram;
  • Sosial-iqtisadi inkişafın stimullaşdırılması, yaşıl iqtisadiyyata keçid, regional inteqrasiya və uzunmüddətli transformasiyanın təşviqi üçün bağlantı “Global Gateway” və ŞT üzrə İqtisadi və İnvestisiya Planı vasitəsilə Aİ investisiyalarının prioritet sahələrini təşkil etməlidir.
  • Ölkələrdə və mühacirətdə olan hüquq müdafiəçiləri daxil olmaqla gənclər və vətəndaş cəmiyyəti ilə əlaqələrin gücləndirilməsi.

Genişlənmə

Şərqi Avropada yerləşən üç tərəfdaş ölkə (Ukrayna, Moldova və Gürcüstan) hazırda Aİ-yə daxil olmaq prosesindədir.

Aİ-yə üzvlük xidmətlərə əsaslanır. Üzv dövlət olmaq üçün hər bir ölkə eyni şərtləri yerinə yetirməli və eyni addımları tamamlamalıdır.

2022-ci ilin fevral ayında Ukrayna və onun ardınca martın 3-də GürcüstanMoldova Respublikası Aİ-yə üzv olmaq üçün müraciət edib. 2022-ci ilin iyun ayında Avropa İttifaqı Şurası Moldova və Ukraynaya namizəd statusu verib və Gürcüstanın Avropa İttifaqına üzv olmaq səylərini tanıyıb. Növbəti ilin dekabr ayında Avropa İttifaqı Şurası Moldova və Ukrayna ilə ittifaqa üzvlüyə dair danışıqlara başlamaq haqqında qərar qəbul edib və Gürcüstana namizəd statusu verib. Lakin 2024-cü ilin iyun ayında Avropa İttifaqı Şurası müəyyən edib ki, Gürcüstan hökumətinin hərəkətləri ölkənin Aİ-yə üzvlük yolunu təhlükə altına alıb və bu, üzvlük prosesinin dalana dirənməsinə gətirib çıxarıb.

Ətraflı məlumat üçün

ŞT: Avropa İttifaqı Şurası

ŞT:Avropa Xarici Fəaliyyət Xidməti

ŞT:Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST)


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,